Korporativ Həllər | info@marsell.az

Asan İmza Çökdü -2025

asan imza çökdü

Asan İmza Sistemi  Çökdü  

Son günlərdə “Asan imza” sistemində yaranan problem ölkənin rəqəmsal ekosistemində ciddi çətinliklər yaradıb. Artıq bir sutkadan çoxdur ki, sistem tamamilə işlək vəziyyətdə deyil və bu, biznes mühitindən dövlət xidmətlərinə qədər geniş miqyasda təsir göstərir.

“Asan imza” olmadan həyat dayanır

Bugünkü rəqəmsallaşmış dünyada “Asan imza” Azərbaycanın elektron identifikasiya sisteminin əsas dayaqlarından biridir. Vergi, bank, mühasibatlıq və digər vacib xidmətlər üçün bu sistemə ehtiyac var. Lakin son iki gündə bu sistemin işləməməsi bir çox sahibkarı və dövlət qurumlarını çətin vəziyyətdə qoyub.

İstifadəçilər nə vergi bəyannamələrini təqdim edə, nə də digər vacib sənədləri imzalaya bilirlər. Elektron xidmətlərdən istifadə mümkünsüz olub, hətta sistemin yükləndiyi müşahidə edilir. Əvvəllər bu cür problemlər bir neçə saat ərzində həll olunsa da, hazırkı vəziyyət artıq bir sutkadan çoxdur ki, davam edir.

Problemin səbəbi nədir?

Məsələ ilə bağlı rəsmi açıqlama verilmədiyindən müxtəlif versiyalar irəli sürülür. Kiberhücum baş veribmi? Yeniləmə prosesində texniki səhvlər olubmu?

Xatırladaq ki, “Asan imza” sistemi Best Solution adlı xarici şirkətə məxsusdur. Bununla belə, nə bu şirkət, nə də sistemin operatoru olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məsələyə dair açıqlama verib.

Əksinə, istifadəçilərin artan şikayətlərinə baxmayaraq, Best Solution şirkəti Çağrı Mərkəzinin 1847 nömrəsini də xətdən ayırıb. Yəni, problemin səbəbini öyrənmək və həll yolu tapmaq üçün istifadəçilərin heç bir rəsmi kanala çıxışı yoxdur. Bu, nəinki biabırçılıqdır, həm də biznes və vətəndaşların hüquqlarına hörmətsizlikdir.

Kritik İnfrastrukturun Sabitliyi Nə Dərəcədə Təmin Olunur?

Yeni qanunvericiliyə əsasən, “Asan imza” kritik infrastruktur hesab olunmalıdır. Lakin bu cür ciddi problemlərin yaranması və onların operativ həll olunmaması bu sistemin nə qədər etibarlı olduğunu sual altına qoyur. Dövlət və biznes subyektlərinin tamamilə bu sistemə güvənməsi risklər doğurur.

Maraqlı məqam odur ki, alternativ bir rəqəmsal imza olan SİMA üç ildir fəaliyyət göstərsə də, biznes sektoruna tam inteqrasiya olunmayıb. Hazırda e-qaimə, vergi bəyannamələri, sosial sığorta ödənişləri və əmək haqqı hesabatları yalnız “Asan imza” vasitəsilə mümkündür.

Bu vəziyyət bizə bir sual yaradır: Alternativ rəqəmsal imza sistemlərinin geniş tətbiqinə kim mane olur?

Biznesin Zərərləri Necə Qarşılanacaq?

“Asan imza”nın fəaliyyətinin dayanması nəticəsində sahibkarlar ciddi zərər çəkiblər. Onlar dövlət qarşısında öhdəliklərini yerinə yetirə bilmədikləri üçün maliyyə cərimələri və digər problemlərlə üzləşə bilərlər.

Bu zərərləri kim ödəyəcək? Dövlət, yoxsa xidmətin sahibi olan Best Solution şirkəti?

Nəticə

“Asan imza” sistemində yaranan problem Azərbaycanın rəqəmsal inkişafına kölgə salır. Əgər bu sistem kritik infrastruktur hesab edilirsə, onun alternativsiz olması ciddi təhlükədir. Alternativ rəqəmsal imza sistemlərinin geniş yayılması və biznes sektoruna inteqrasiyası təmin olunmalıdır.

Əks halda, hər dəfə “Asan imza”da problem yaşandıqda, sahibkarlar və dövlət qurumları fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalacaqlar. Bu isə nə iqtisadiyyata, nə də vətəndaşların iş prosesinə uyğun bir yanaşmadır.

Postu Paylaş:

Oxşar Yazılar